Saytda Təmir Gedir.. - Buz Bağlayan Saniyələr
  Start
  ARMA 2 AZERBAIJAN
  Testler
  GTA
  Hekayələr
  => Buz Bağlayan Saniyələr
Stəkan qırıntıları.

Qadın “Sən?!!” deyə hıçqıra bildi təkcə, sonra sol əlini sancan ürəyinin üstünə qoyub, 2 addım geriyə yıxıldı.
Sağ əlinin şəhadət və baş barmağı qeyri-ixtiyari bir-birindən aralandı, gözləri mərhum və sevimli 1-ci ərinin gözlərinə oxşadığına görə aşiq olub ailə qurmağa razı olduğu 2-ci əri üçün içində su apardığı stəkan əlindən sürüşüb düşməyə başladı. Stəkan hələ havada idi, yəqin ki, saniyə sonra yerə dəyib çilik-çilik olacaqdı. Biz nəzərlərimizi havada uçuşan stəkana zilləyirik, çünki başımızı azca yuxarı qaldırsaq acı heyrətdən donub qalan Qadının üzünə sataşar və onun getdikcə dumanlanmağa başlayan, təəsüfə boğulmuş gözlərində 14 il öncə “qara kağızı” gəlmiş, amma hal-hazırda qapıda yorğun-arğın dayanan bir kişinin sınıxmış əksini görərik.
Biz nəzərimizi stəkana zilləyirik. O havada uçuşdu, uçuşdu və Nyutonun sevimli qanununa görə tavana deyil, məhz döşəməyə çırpıldı. Qırıntıları ətrafa səpələndi stəkanın.
Dağıldı, axdı getdi içindəki su.
Öldü stəkan...
Əlinizi verin mənə, gəlin tez uzaqlaşaq bu mənzildən, tez qaçaq bu məhəllədən. Narahat olmayın, sonrakı qonşuların hay-küyü, binanın ətrafında işıqları var-gəl edən təcili tibbi yardım maşını... ölmüş stəkana görədir...


****


Özgə adam.

Babasının təndirxanada şirin-şirin kimisə əzizlədiyini eşidəndə nəvəsini hədsiz maraq bürüdü. Hələ balaca uşaq olsa da, babasını kifayət qədər yaxşı tanıyırdı. Hər yay kəndə gələndə onlarda qonaq qalar, tətil boyu işi-gücü çox qorxduğu babasına və onun yeni arvadına – təzə nənəsinə qulluqçuluq etmək, həyəti təmizləmək, heyvanları qoruğa aparmaq, qoruqdan gətirmək, sonra yenə geniş heyəti yerə düşmüş meyvələrdən, hinduşka, toyuq tüklərindən təmizləmək olardı. Bu neçə ildə babasından bircə dəfə olsun nəvaziş görməmiş, şirin söz eşitməmişdi. Sözün düzü, bu haqda heç vaxt düşünməmişdi də - o anadan olandan babasını bu cür quru, daş kimi soyuq tanımışdı. Babası onun adını ancaq kobud və sərt səslə əmr verərkən çəkərdi, uşaq da buna alışmışdı. Ona görə indi həyətdə iş görərkən babasının təndirxanada kimi əzizlədiyi onda böyük heyrət və maraq doğurdu. Uşaq sadəlövhlüyü ilə təndirxananın özü boyda olan qapısını arıq əlləri ilə açıb, içəri boylandı: Ondan bir neçə yaş balaca olan əmisi oğlu Babasının qucağında idi, və Baba Bakıdan təzə gələn yeni nəvəsini şirin dillə əzizləyir, əli ilə üzünü tumarlayır, nəvazişlə adını çəkirdi... Bunlar Onun üçün o qədər uzaq, o qədər qeyri-adi, o qədər möcüzəvi idi ki, öz doğma əmisioğluna paxıllıq etməyi bacarmadı da... Onun bütün uşaq dünyası alt-üst olmuş, özü üçün dəhşətli bir sirrin üstünü açmışdı: Babası illər boyu tanıdığı kimi deyilmiş sən demə, o da başqa babalar kimi istəyəndə sevə, nəvaziş göstərə, əzizləyə bilirmiş...
Daha bu mənzərini izləməyə gücü çatmadı, qapını astaca örtüb, gəldiyi kimi də sakitcə çıxdı. Xırda addımlarla bayaqdan quş tükündən təmizlədiyi həyətə qayıtdı. Qoca alma ağacının altında oturdu. Bu geniş həyətdə o qədər kiçik bir yer tuturdu ki, təbiətin qoynuna sığınmağa ona heç kim mane olmurdu.
Hava bərk isti olsa da, ağacın kölgəsi onu qoruyurdu. Başını qaldırıb qəmgin gözlərilə ağaca minnətdarlıqla baxdı. Uşaq həssaslığıyla ilə duydu ki, ağac özünün budaqlarıyla onun başını tumarlamaq istəyir. Ona qısıldı və yuxuya getdi...
Alma ağacı heç zaman bu qədər yumşaq və doğma olmamışdı...


****


Cüzdan.

Qarşısındakı xəyallarının Qadınıydı. Onu təkbətək görüşməyə razı salmaq üçün nə qədər dil tökmüşdü, Allah bilir. Aşiq olduğu Qadın, çox sevdiyi məkanda iki nəfərlik baş-başa nahar... Bəxti gətirmişdi, məftunu olduğu qadın da onun kimi yeyimcildi və nahardan sonra çay içərkən Qadın hər dəfə çəngəli ağzına aparanda, oğlan onun tiramisunu necə iştahla çeynəyib udduğuna xüsusi maraqla baxırdı...
Nahar bitmək üzrə idi, qarsonu çağırıb hesabı gətizdirdi. Oğlan əlini cibinə atıb, cüzdanı çıxartdı...
Yəqin ki, cüzdanın boş olduğunu deməyimə ehtiyac yoxdur, özünüz hiss etdiniz artıq.
Cüzdan boş idi, içində indi heç nəyə yaramayan metro kartı, hər ay maaş köçürülən kimi 1-2 günə sıfırlanan plastik kart və bir neçə vəsiqəni saymasaq cüzdan Adəm peyğəmbərin lüt cibləri kimi bomboş idi. Lənət şeytana! Oğlanın indi yadına düşdü ki, kartdan təzə aldığı maaşını çəkib evə qayıdanda pulları cüzdana deyil, həyət şalvarının cibinə qoymuş, görüşə gələndə də paltarlarını dəyişmişdi.
Hiss etdi ki, içində nəsə qırıldı, çünki mobil telefonun da enerjisi bitdiyi üçün az öncə söndüyünü bilirdi. Belə anlarda hətta ən qatı ateist belə olsan ağlına gələn ilk məvhum Allah olur və “nə üçün?” sualıyla əzab çəkirsən...
Üzü od tutub yanır, sonuncu ümidlə ciblərini eşələyən barmaqlarının ucunu hiss etmirdi. Sevdiyi qızın yanında pul itirməkdən daha utancverici bir şey vardısa o da itirilmiş pulu ümidsizcəsinə axtarmağıydı. Əlini hər dəfə yeni cibinə salanda gözləri qaralır, ona elə gəlirdi ki, sanki bütün restoran əhli çevrilib ona baxır və nəticənin necə olacağını öz aralarında pıçıltıyla müzakirə edirlər. Üzü ona tərəf ayaq üstə dik dayanmış qarsonların baxışı altında daha çox sıxılır, onların baxışlarından “həə, sən də “pulum yoxdur” bəhanəsiylə aradan çıxmaq istəyirsən? Sənin kimi cılız fırıldaqçıları çox görmüşük, bizə bu nömrələr keçməz!” fikirlərini oxuyurdu sanki. Nəhayət ciblərini eşələməyi dayandırıb, halusunasiyaları başından qovdu, qarsonların gözlərinin içinə yalvarış doğan təbəssümlə baxmağa başladı. Bu restorana son gəlişindən çox vaxt keçsə də, bir vaxtlar buranın daimi müştərisiydi, və hər səfərində qarsonlara səxavətlə çaypulu buraxmışdı. Tərslikdən, yeni qarsonların heç biri üzdən tanış gəlmirdi. O özü burda heç kimi xatırlamadıqdan sonra, onu necə xatırlayacaqdılar ki?
Sevdiyi qadınla nahar edərkən şirin zarafatlar edən, sərbəst söhbətlər edən özünəinamlı gənc getmiş, yerinə dərin kompleksə batmış inamsız adam gəlmişdi. Udqunaraq qarşısındakı Qadına baxdı. Yaxşı ki, Qadın gözlərini heç nə olmamış kimi fincana dikib, sanki çayı bitməyib, özü fasilə veribmiş kimi oğlana süni şəkildə vaxt qazandırırdı. Oğlan onun anlayışlı reaksiyasını görüb həm ona yenidən, daha da güclü pərəstiş duydu, həm də bu sevgi qığılcımından doğan “mən ona heç layiq deyiləm” fikirləriylə daha da sıxıldı... 2 yolu qalmışdı, ya ayağa durub adminstratora yaxınlaşacaq və ona möhlət verməsi üçün dil tökəcək, ya da hər şeyi qadına danışacaqdı. Ya bəlkə qadının da üstündə pul yox idisə? Bir centlmenlə görüşə getdiyini düşənən xanım üzərində niyə pul götürsün ki? (Və ya götürməlidirmi – tokşoular üçün mövzu). Qadının pulu hesabı ödəməyə çatmazdısa oğlan üçün ikiqat utanc olardı. “Yox, hər şeyi adminstratora danışacam. Allah dili insanlara nəyə görə verib? Cinayət etməmişəm ki...” düşüncəsiylə son gücünü toplayıb ayağa qalxdı. Bu vaxt kimsə arxadan onun belini qucaqlayıb sevinclə qışqırdı: “Qardaaaş, nə yaxşı sən də burdasan!!”... Oğlan səsə doğru çevrilərkən içində yalnız bir arzu vardı:
“Yalvarıram sənə Allah, kimdirsə, səhv salmış olmasın"...
Bugün 1 ziyaretçi (1 klik) Nəfər Burda idi
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol